Zərərçəkmiş: "MTN-də məndən 300 min dollar aldılar"

Zərərçəkmiş: "MTN-də məndən 300 min dollar aldılar" "Məni "Eurovision" ərəfəsində Bakıda partlayışlar planlaşdırmaqda ittiham etdilər"
Hadisə
28 Aprel , 2017 15:14
Zərərçəkmiş: MTN-də məndən 300 min dollar aldılar

Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

"Report"un məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vidadi Əzizov ifadə verib.

O bildirib ki, əvvəllər təqsirləndirilən şəxsi tanımayıb, Rusiya və İran arasında kübrə alveri ilə məşğul olanlarla işləyib. V.Əzizov 2012-ci ildə Dubaydan "Zaminbank"a pul göndərildiyini, həmin pulu götürmək üçün bankın Nərimanov filialına yollandığını söyləyib: "Nəriman adlı tanışım bankdan götürdüyü 1 milyon manatı mənə verdi. Sonra Nərimana puldan 300 min manat qaytardım. Həmin vaxt onun dostundan ev almışdım. Pul ona çatdıracaqdı. Bizi orada tutub MTN-ə gətirdilər. Məni vətənə xəyanət etməkdə, İrana casusluqda suçladılar".

Zərərçəkmiş qeyd edib ki, daha sonra həbs edilməməsi üçün razılaşıb və onlara 100 min manat vermək imkanının olduğunu deyib: "Razılaşmadılar və sərbəst buraxılmağım üçün məndən 300 min dollar aldılar".

O, M.Əsgərov tərəfindən 100 min dollar tələb edildiyini, sonda 40 min dollar verdiyini deyib: "Mən 4 ay MTN əməkdaşları tərəfindən təqib olundum".

V.Əzizov ifadəsində mülki iddiasını müdafiə etdiyini, ona dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutulmasını istəyib.

M.Əsgərov isə zərərçəkmişin dediklərini özünə qarşı təhqir kimi qiymətləndirərək, ona etiraz edib. Bu zaman M.Əsgərov, onun vəkili və zərərçəkmiş arasında mübahisə yaranıb. Ona görəö də hakim tərəflərə xəbərdarlıq edib.

Zərərçəkən V.Əzizov M.Əsgərovun İranda saxlanması və təsir altına düşməsi haqda sualına cavab verib. O, bunları təkzib edərək, belə bir halın baş vermədiyini söyləyib.

M.Əsgərov qeyd edib ki, Nihad Əliyev adlı şəxs V.Əzizova mesaj yazıb: "Mesajda qeyd edilib ki, "Azərbaycanda 22 nəfər tutulub, ehtiyatlı ol". O, bu mesajla sənə nə demək istəyirdi"?.

V.Əzizov isə "həmin ərəfədə Azərbaycanda ara qarışmışdı" cavabını verib: "Məni MTN-də İranın xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmaqda, "Eurovision" ərəfəsində Bakıda partlayışlar planlaşdırmaqda ittiham etdilər".

M.Əsgərov arayış verərək bildirib ki, zərərçəkmişin ifadələri arasında ziddiyyətlər var.

Prosesdə V.Əzizovun valideynləri və sürücüsü də ifadə verib. Həmin şəxslər V.Əzizovun necə həbs olunmasından danışıblar.

Məhkəmənin növəti iclası mayın 12-nə təyin edilib.

İttihama görə, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi