Bakı. 18 fevral.
"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə qəza zamanı dünyasını dəyişmiş Rasim Bayramovun atası, iş üzrə zərərçəkmiş qismində tanınan Vüqar Bayramovun məhkəməyə gəlmədiyi elan olunub.
Məhkəmə zərərçəkmiş V.Bayramovun barəsində məcburi gətirilmə barədə qərar çıxarıb.
Daha sonra məhkəmə zalında olan Anar Süleymanov qeyd edib ki, mərhum Ayxan Qasımovun dayısıdır, hadisə yerinə gələn ilk şəxslərdən biri olub. O deyib ki, istintaq dövründə müstəntiqə ifadə versə də, adı şahidlər qismində yer almayıb.
Hakim söyləyib ki, ittiham aktında A.Süleymanovun adı şahid qismində göstərilmədiyi üçün onun dindirilməsi mümkün olmayacaq: "Anar Süleymanov əlavə şahid qismində ifadə verə bilərdi, lakin daha əvvəl keçirilmiş məhkəmə iclaslarında iştirak edib. Buna görə də onun ifadə verməsi mümkün deyil".
Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin edilib.
Qeyd edilib ki, ötən il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri - A.Qasımov "Sumqayıt"ın U-15 komandasında çıxış edirdi.