Zərərçəkmiş: "Maşallah Əhmədova iki sillə vurdum"

Zərərçəkmiş: "Maşallah Əhmədova iki sillə vurdum" "Hazırda onun mənə 3000 manat borcu var"
Hadisə
8 Noyabr , 2016 11:27
Zərərçəkmiş: Maşallah Əhmədova iki sillə vurdum

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid Salyan Hüseynov ifadə verib.

S.Hüseynov M.Əhmədovun onu aldatdığını bildirib: "Maşallahı 20 il ildir ki, tanıyıram. Oğlumun banka borcu var idi. Maşallahın yanına gedib, bu haqda ona dedim. O da mənə məsələni həll edəcəyini bildirdi. Banka gedib 12 min dollar kredit götürdük. Maşallah mənə pulun onda qalmasını istədi. Oğlum Sərxan da onun yanında qaldı. Sonra Maşallahdan xəbər çıxmadı. Bankdan zəng gəldi ki, krediti ödəmək lazımdır. Maşallah məni aldatdı. Sonra oğlumu kreditə görə həbs etdilər. Maşallah mənə əvvəl 4800 manat, daha sonra 1500 manat da verdi. Maşallah daş satıb həmin pulları versə də, hazırda onun mənə 3000 manat borcu var".

M.Əhmədov isə şahidin yalan danışdığını deyib: "Mən onun pulunu ödəmişəm. Daşları da onlar satdı".

S.Hüseynovun oğlu, zərərçəkmiş S.Hüseynov qeyd edib ki, M.Əhmədovdan pulunu istəyən zaman keçmiş futbolçu yatağın altına girib: "Həmin zaman ona iki sillə vurdum. Maşallahın sürücüsü zəng elədi ki, gəl pulunu apar. Mən onun yanına gedəndə sürücü qaçmışdı".

Digər şahid Taryel Məmmədov da dindirilib. Onun sözlərinə görə, daşlar əvvəl onun çalışdığı sexə yığılıb: "Maşallah, Yusif müəlllim, Fəqan və digər bir nəfər sexə gəldilər. Daşlar sexdə yığılmışdı. Daha sonra Fəqan bir maşın daşı apardı. Maşallah da daşları aparanda Yusif müəllimə xəbər elədim. O da dedi ki, bundan xəbərim var. Onlar daşları aparanda Yusif müəllim orada yox idi. Mənə də 200 manat pul verdilər".

Məhkəmənin növbəti iclası noyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Bu il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Son xəbərlər

Orphus sistemi