Zəlimxan Yaqubun 70 illiyi Gürcüstanda qeyd olunub

Zəlimxan Yaqubun 70 illiyi Gürcüstanda qeyd olunub Gürcüstanda Azərbaycanın Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun anadan olmasının 70-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Hadisə
24 Yanvar , 2020 17:46
Zəlimxan Yaqubun 70 illiyi Gürcüstanda qeyd olunub

Gürcüstanda Azərbaycanın Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun anadan olmasının 70-ci ildönümünə həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, mərasim şairin doğulduğu Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndindəki evində təşkil olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili, Marneulinin icra başçısı Zaur Darğallı, digər rəsmi şəxslər, şairin yaxınları və ziyalılar iştirak ediblər.

D.Həsənov çıxışında Z.Yaqubun Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və inkişaf etdirilməsindəki xidmətlərindən danışıb. Səfir şairin əsərlərinin Azərbaycan xalqının yaddaşında yaşadığını bildirib. Diplomat Z.Yaqubun xatirəsinin Gürcüstanda hər zaman anıldığını qeyd edərək onun əsərlərinin bu ölkədə də sevildiyini deyib.

Digər natiqlər də Z.Yaqubun həyat və fəaliyyətindən, yaradıcılığında Azərbaycan və Gürcüstan xalqları arasında dostluq və qardaşlığın tərənnüm edilməsindən söz açıblar. 

Tədbirdə şairin doğulduğu kənddə onun xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyəti qeyd olunub, Z.Yaqub adına poeziya evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı aidiyyəti qurumlara müraciətin ünvanlandığı diqqətə çatdırılıb.

Mərasimdə xalq şairinin əsərlərindən parçalar səsləndirilib, şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

Son xəbərlər

Orphus sistemi