Yuxarı

Zaqatalada təbii fəlakət nəticəsində köməksiz qalan 12 ailə təxliyyə olunub - FOTO - VİDEO

Zaqatalada təbii fəlakət nəticəsində köməksiz qalan 12 ailə təxliyyə olunub - FOTO - VİDEO
© Report

Zaqatala. 11 avqust. REPORT.AZ/ Zaqatala rayonuna yağan leysan yağışları nəticəsində köməksiz vəziyyətdə qalan 12 ailənin üzvləri təxliyyə olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində rayonun Höytala və Böhtala kəndləri ərazisindən axan Qara çay daşıb və nəticədə Böhtala kəndinə gedən piyada körpüsü dağılıb.

Suyun səviyyəsinin həddindən artıq artması kənddə yaşayan 12 ailəni köməksiz vəziyyətdə qoyub. Subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün FHN-nin Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Mülki müdafiə qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri və texnikası hadisə rayonlarına cəlb olunub.

Bundan əlavə, dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun üzərində olan Muxax, Lahıc, Bəhmətli, Zəyəm kəndlərinin ərazilərini su basıb. Nəticədə həyətyanı sahələrə, əkin yerlərinə və ev təsərrüfatlarına ziyan dəyib. Eyni zamanda rayonun ən böyük çaylarından olan Tala çayının daşması nəticəsində Höytala, Böhtala, Silban kəndələrinə də sel suları dolub.

Hazırda baş verən fəsadların aradan qaldırılması yönündə işlər davam edir. Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə cəlb olunub və texnikalar vasitəsilə baş verən fəsadlar aradan qaldırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi