Zakir Qaralov: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsi ifşa edilib"

Zakir Qaralov: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsi ifşa edilib" Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
Hadisə
5 Fevral , 2016 18:55
Zakir Qaralov: Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsi ifşa edilib

Bakı. 5 fevral. REPORT.AZ/ Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanmasında iştirak etmiş korrupsiya şəbəkəsi üzvlərinin qanunsuz əməllərinin ifşa edilməklə barələrində qısa müddətdə qanunamüvafiq tədbirlərin görülməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilib.

"Report" xəbər verir ki, bunu fevralın 5-də Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasıında baş prokuror Zakir Qaralov deyib. 

Kollegiya iclasında yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, istehlak məhsullarının qiymətlərinə ciddi şəkildə nəzarət etmək, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığının yaradılması, inhisarçılıq, istehlakçıların aldadılması və digər sui-istifadə hallarının qarşısının alınması ilə barədə Dövlət başçısı verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib.

Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı təsdiq edilməklə yol verilmiş qanunsuz hallara qarşı ən sərt mübarizə tədbirləri davam etdirilir. Həmin dövrdən etibarən süni qiymət artımı ilə əlaqədar Baş İdarə tərəfindən 12 cinayət işi başlanmaqla hazırda istintaq tədbirləri davam etdirilir.

Ölkəmizdə sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin formalaşması məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılmasının xüsusi əhəmiyyətini vurğulayan baş prokuror bildirib ki, dövlət başçısı tərəfindən imzalanmış sənədin qəbul edilməsində məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana təkrar şikayətlərin verilməsinə imkan yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi