Yol polisi yağmurlu hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Yol polisi yağmurlu hava şəraiti ilə bağlı sürücülərə müraciət edib “Nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənlər, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır”
Hadisə
2 Sentyabr , 2016 09:10
Yol polisi yağmurlu hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarədən “Report”a bildirilib ki, belə hava şəraitində sürücülər ara məsafəsinə və sürət həddinə diqqət etməlidirlər: “Çünki yay aylarında asfalt üzərinə yığılan toz qatı yağıntı zamanı palçığa çevrilir ki, bu da yollarda sürüşkənliyi artırır. Belə olan halda avtomobilin tormozlanması zamanı adi vaxtlara nisbətdə böyük fərq yaranır. Normal havadakı tormoz məsafəsi ilə yağıntılı havadakı tormoz məsafəsi arasındakı fərq 50 faiz artır. Məsələn, sürücü avtomobili saatda 60 km sürətlə idarə edirsə, adi vaxtda tormoz məsafəsi 30 metrdən çox olur. Yağıntılı havada isə bu məsafə 45 metrdən artıq ola bilər”.

Dövlət Yol Polisi İdarəsi avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmasına diqqət yetirilməsini vacib sayır: “Nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənlər, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır. Nasazlıq olan avtomobillə yola çıxmaq təhlükəlidir”.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda və Abşeron yarımadasında, respublikanın digər bölgələrində, xüsusən də dağlıq və dağətəyi ərazilərdə avtomobillə yola çıxan sürücülərdən yollarda son dərəcə diqqətli olmağı xahiş edir: “Ara məsafəsi saxlamaq, sürət həddini aşmamaq, ötmə-manevr qaydalarına əməl etmək sizin mənzil başına sağ-salamat çatmağınız üçün olduqca önəmlidir”.

Qeyd edək ki, dünəndən Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin müxtəlif bölgələrində yağıntılı hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 2-də yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Son xəbərlər

Orphus sistemi