Yuxarı

Yeni Gəncə Tibb Mərkəzinin direktoru: "Həkimlər 1 saat ərzində xəstəyə əllərindən gələn yardımı göstəriblər"

Heç bir həkim istəməzdi ki, başına belə iş gəlsin

Gəncə. 23 avqust. REPORT.AZ/ "Heç bir həkim istəməzdi ki, başına belə iş gəlsin". Bunu "Report"un Qərb bürosuna "Yeni Gəncə özəl Tibb Mərkəzinin" direktoru Samir Allahverdiyev bildirib.

Onun sözlərinə görə, tibb mərkəzində ilk dəfə belə bir hadisə baş verib: "Bu cür hadisə ilk dəfədir bizim müəssisədə baş verib. Hazırda Aygül Orucovanın ölüm səbəbi araşdırılır. Xəstə əməliyyat zamanı vurulan narkozdan ayılmayıb. Həkimlər 1 saat ərzində xəstəyə əllərindən gələn yardımı göstəriblər. Lakin təəsüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstənin yaxınlarına baş sağlığı verirəm. Onlar qədər bizdə üzüntü içindəyik". 

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Tibb mərkəzinin direktoru əməliyyatda iştirak edən həkimlərin döyülməsinə də münasibət bildirib. O qeyd edib ki, A.Orucovanın yaxınları həkimlərə ciddi xəsarətlər yetirib: "Həkim Mehdi Talışınskininin körpücük sümüyünü sındırıblar. Mahir Əliyevin qollarına, ayağına bərk zərbələr vurub xəsarətlər yetiriblər. Bunu etmək lazım deyildi, çünki, heç bir həkim istəməz ki, onun xəstəsi ölsün. Biz həqiqətən də əlimizdən gələni etdik, həkimlərimizi ölümcül döyməyə ehtiyac yox idi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi