Bakı. 31 mart. REPORT.AZ/ Yekaterinburqda Azərbaycan vətəndaşlarının kriminal yığıncağının qarşısı alınıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, martın 30-u gecə saatlarında Rusiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (MCMİ) və Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları Yekaterinburqdakı Kosmonavtlar prospektində yerləşən kafedə əməliyyat keçirib.
Əməliyyat nəticəsində kafedə olan 160-dan çox adam saxlanılıb. Saxlanılanların əksəriyyəti Azərbaycan vətəndaşıdır. Onlar yaşadıqları Sverdlovsk vilayətindən, Permdən və Rusiyanın digər şəhərlərindən Yekaterinburqa gəlib. Saxlanılanların hamısı MCMİ-yə aparılıb.
"Xüsusi əməliyyatın həyata keçirildiyi kafeyə baxış zamanı əməliyyatçılar ilkin məlumatlara görə, böyük miqdarda kontrafakt spirtli içki aşkarlamış və müsadirə etmişdir", - deyə Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Valeri Qorelıx bildirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, toplantı Azərbaycan diasporunun maliyyə axınlarına nəzarəti ələ keçirmək istəyən Ağayar adlı avtoritetlərdən birinin doğum günü adı altında keçirilib.