Yasamalda restoranda usta işləyən seyf oğrusu tutulub

Yasamalda restoranda usta işləyən seyf oğrusu tutulub Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb
Hadisə
18 İyul , 2017 17:18
Yasamalda restoranda usta işləyən seyf oğrusu tutulub

Bakı. 18 iyul. REPORT.AZ/ Yasamal rayonu ərazisindəki restoranlardan birinin sahibi iş otağından içərisində pul olan seyfin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, o, izahatında hadisənin iyulun 15-də baş verdiyini, lakin aradan ötən müddətdə öz axtarışlarının nəticə vermədiyini bildirib.

Dərhal yaradılan əməliyyat qrupu hadisə yerinə gələrək ətraflı müayinə edib, müvafiq araşdırmalar aparılıb və bu zaman oğurluğun orada işləyən ustalar tərəfindən törədildiyinə dair şübhələr ortaya çıxıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərdən biri - Bərdə rayon sakini Səfadar Nağıyev Zabrat qəsəbəsindəki bağ evində saxlanılaraq Polis Bölməsinə gətirilib.

Tutarlı dəlillər qarşısında S.Nağıyev tamah məqsədilə törətdiyi əməli etiraf edib.

Müəyyən edilib ki, Səfadar uzun müddətdir həmin restoranda usta kimi işləyir. Həmin gün səhər saat 8.00 radələrində o, digər həmkarı ilə əvvəlcədən əlbir olaraq iş yerinə gəlib, arxa qapıdan açar seçmək yolu ilə içəri daxil olub. Seyfi olduğu otaqdan götürərək ətrafdakıların diqqətini çəkməmək üçün qutuya qoyublar, tullantı kimi çölə çıxarıb, maşınla Zabrat qəsəbəsindəki bağ evinə aparıblar. Seyfi orada qoyub yenidən adətən işə gəldikləri vaxtda restorana qayıdıblar.

Aranın sakit olduğunu görən ustalar az sonra yenidən həmin bağ evinə gələrək seyfi sındırıb içərisindəki Azərbaycan manatı və ABŞ dollarlarını götürüblər. Ümumi məbləği 8500 manat olan pulu aralarında bölüblər, daha sonra qənimətlərindən özlərinə mobil telefonlar və təzə paltarlar alaraq bir hissəsini xərcləyiblər.

S.Nağıyevin üzərinə baxış zamanı 1007 manat və 1050 ABŞ dolları aşkar edilərək götürülüb. O, həmin məbləğin özünə qalan pulun bir hissəsi olduğunu bildirib.

Faktla əlaqədar Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir, digər şübhəlinin saxlanılması üçün zəruri tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi