Yardımlı. 9 iyun. REPORT.AZ/ Yardımlı rayonunda təbii fəlakətin fəsadları aradan qaldırılır.
“Report”un Cənub bürosu xəbər verir ki, sel sularının gətirdiyi palçıq qatı ilə bağlanan Masallı-Yardımlı yolu texnikaların köməyi ilə təmizlənib. Avtomobillərin intensiv hərəkəti tam təmin olunub.
Dünən axşamdan elektrik enerji verilişində fasilələr olan 12 yaşayış məntəqəsinə enerji verilişi bu gün tam təmin olunub. Kəndarası yollarda yerli qurumlar tərəfindən bərpa işləri görülür.
Yardımlı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini, Fövqəladə Hallar üzrə Komissiyanın sədri Azər Xamıyev “Report”a bildirib ki, yağan leysan xarakterli yağıntının və qısamüddətli dolunun düşməsi səbəbindən rayondakı 3,5 min ha taxıl sahəsinin böyük hissəsi yararsız vəziyyətə düşüb.
O, dünən axşam saatlarından başlayan və hazırda davam edən yağıntının fərdi təsərrüfatlara da ziyan vurduğunu qeyd edib.