YAP-ın Lənkəran şəhər təşkilatına yeni sədr seçilib - FOTO

YAP-ın Lənkəran şəhər təşkilatına yeni sədr seçilib - FOTO Lənkəranda Yeni Azərbaycan Partiyasının X konfransı keçirilib
Hadisə
6 Oktyabr , 2017 14:53
YAP-ın Lənkəran şəhər təşkilatına yeni sədr seçilib - FOTO
Report

Lənkəran. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 5-də, Lənkəran şəhərində, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının X konfransı keçirilib. 

"Report"un Cənub bürosunun məlumatına görə, konfransdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Lənkəran şəhər təşkilatı İdarə Heyətinin üzvləri və qonaqlar Heydər Əliyev xatirə parkında ulu öndərin abidəsini ziyarət edib, gül-çiçək dəstələri qoyublar. 

Sonra Heydər Əliyev Mərkəzində Dövlət Himninin səsləndirilməsi ilə konfrans öz işinə başlayıb. YAP-ın banisi, ümummilli lider Heydər Əliyevin və həyatdan köçmüş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Konfransı Lənkəran ŞİH-nin başçısı, YAP Lənkəran şəhər təşkilatı İdarə Heyətinin üzvü Taleh Qaraşov açaraq bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaradılmasının 25 ili tamam olur: "İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat olub. Prezident İlham Əliyevin sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir". 

Sonra YAP Lənkəran şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Möhübbət Babayevin şəhər təşkilatının IX konfransından ötən müddət ərzində görülmüş işlər barədə məruzəsi dinlənilib. 

Məruzə ətrafında Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, YAP-ın müasir Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan, respublikamızın bütün sahələrində inkişaf dinamikasına nail olunmasında tarixi xidmətlərindən və xalqın bu siyasi təşkilata yüksək etimadından danışıblar. 

Konfransda təşkilati məsələyə baxılıb, Möhübbət Hacıbaba oğlu Babayev YAP Lənkəran şəhər təşkilatının sədri, Elnur Həsənəli oğlu Hüseynov sədrin müavini, İdarə Heyətinin üzvü seçilib.

Son xəbərlər

Orphus sistemi