Yanan binanın sakini olan hər bir ailəyə 2500 manat kirayə pulu ödənilib

Yanan binanın sakini olan hər bir ailəyə 2500 manat kirayə pulu ödənilib Xəsarət alan sakinlərə ödəniləcək 5 min manat kompensasiya isə hələ verilməyib
Hadisə
18 İyun , 2015 15:37
Yanan binanın sakini olan hər bir ailəyə 2500 manat kirayə pulu ödənilib

Bakı. 18 iyun. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən və yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini olan hər bir ailəyə bu gün 2500 manat kirayə pulu ödənilib. Bunu "Report"a yanan binanın sakini Aynur Cəfərova deyib.

O qeyd edib ki, bu məbləğ sakinlərin 5 ay müddətində kirayədə qalmaları üçün verilib: "Bakı Tennis Akademiyasının yanında bizə 3 otaqlı kirayə evlər veriblər. Ailə üzvünün sayından asılı olmayaraq hər bir ailəyə 2500 manat kirayə pulu ödənildi".

A.Cəfərova bildirib ki, yanğın zamanı xəsarət alan sakinlərə verilməsi nəzərdə tutulan 5 min manat kompensasiya isə hələ ödənilməyib: "Bizə deyiblər ki, 5 min manat kompensasiya gələn həftə ödəniləcək. Deyilənə görə, məsələnin belə uzanması Baş Prokurorluğun apardığı araşdırma ilə bağlıdır. Baş Prokurorluq hamının işinə bir-bir baxır. Yanğın hadisəsi nəticəsində həlak olan 15 sakinin hər birinin ailəsinə veriləcək 15 000 manat da hələ ödənilməyib. Əmlaka dəyən ziyana görə ilkin olaraq ödənilən 20 000 manatı isə hamı alıb".

Onun sözlərinə görə, binanın təmiri hazırda davam edir: "Təmirin nə vaxt bitəcəyi barədə bizə dəqiq məlumat verilməyib".

Bina sakini deyib ki, indiyə kimi sakinlərə yanğının səbəbləri ilə bağlı heç bir məlumat verilməyib: "Məlumatlar açıqlanmır. Biri deyir təxribatdır, biri deyir təsadüfi olub, biri deyir siqaret düşüb. Amma maraqlıdır ki, siqaret həmişə çəkilib, niyə məhz indi yandı?"

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Nəticədə 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Son xəbərlər

Orphus sistemi