Bakı. 19 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
ANAMA-dan "Report"a verilən məlumata görə, noyabrın 18-də 224 ədəd partlamamış hərbi sursat (PHS), 149 ədəd partlamış-yanmış mərmi qalıqları və 573 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 157 000 kv.m ərazi yoxlanılıb.
Ümumiyyətlə, 73 gün ərzində ANAMA tərəfindən müxtəlif ərazilərə baxış keçirilib, 18 815 ədəd partlamamış hərbi sursat (PHS), 8 448 ədəd partlamış-yanmış sursat qalıqları və 67 603 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 69 096 285 kv.m (6 910 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.