Xırdalanda borca görə qətl törədən şəxslər məhkəmədə ifadə verib

Xırdalanda borca görə qətl törədən şəxslər məhkəmədə ifadə verib Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
23 Fevral , 2018 15:40
Xırdalanda borca görə qətl törədən şəxslər məhkəmədə ifadə verib

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda qeyd edilib ki, Xəyal Paşayev bir qrup şəxslə birləşərək özgənin əmlakını ələ keçirməyi planlaşdırıb. Belə ki, o, bir qrup şəxslə İran vətəndaşı Bəşir Qəhramaninin şəriki olmuş Valeh Nəcəfovu oğurlayaraq onu hədələyiblər. Onlar V.Nəcəfovun B.Qəhramaniyə olan 31 min dollar pulunu geri qaytarmasını tələb ediblər. Onlar V.Nəcəfovu oğurlayaraq "Manqal" restoranına gətiriblər. Orada onu soyunduraraq döyüblər. Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər. V.Nəcəfov dəstə üzvləri ilə razılaşıb və evdə olan xanımına məxsus qızılları verəcəyini deyib. Onlar birlikdə evə gedərək oradan 15 min manat dəyəri olan qızıl-zinət əşyaları götürüblər. Daha sonra pulun qalan hissəsini də hədə-qorxu ilə tələb ediblər. Pulu vermədikdə isə V.Nəcəfovu yenidən görüşə çağıraraq onu döyüblər. Daha sonra V.Nəcəfov görüşə silahla gəlib. Dəstə üzvləri tərəfindən döyülən V.Nəcəfov əlini silaha atıb. Bu zaman Xəyal Paşayev və digərləri silahı onun əlindən alıblar. Onlar silahla atəş açıblar və güllə V.Nəcəfovun baş nahiyəsinə dəyib. Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib. Təqsirləndirilən şəxslər xuliqanlıq niyyəti ilə adamöldürmə, hədə-qorxu ilə tələbetmə, adam oğurluğu və digər cinayətləri törətməkdə ittiham edilirlər. X.Paşayev ittihamla özünü qismən təqsirli bildiyini, borcunu istədiyini söyləyib: "Xuliqanlıqda təqsirli bilinirəm. Amma mən özüm zərərçəkmişəm. 3 güllə yarası almışam. Borcu istəmək hədə-qorxu gəlməkdirsə, nə deyə bilərəm?". Təqsirləndirilən Kənan Həsənov, Bilal Bayramov və digərləri də ittihamla özlərini təqsirli bilmədiyini söyləyib.

Məhkəmə prosesi martın 9-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhəri 28-ci məhəllədə - bazarın yaxınlığında baş verib.

İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib.

Hadisə zamanı digər şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Atışma zamanı 3 güllə yarası almış 32 yaşlı Xəyal Paşayev əməliyyat olunub və onun həyatını xilas etmək mümkün olub.

Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi