Yuxarı
    Bağlamaq

    Xırdalanda borc pula görə tanışını bıçaqlayan şəxsin cəzası endirilib

    Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

    Bakı. 24 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərid Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, F.Cəfərovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 6 aya endirilib.

    Qeyd edək ki, cinayət hadisəsi 2016-cı il iyunun 29-da Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 6 saylı binanın yaxınlığında baş verib. F.Cəfərov tanışı Mahir Mirzəbəyovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

    Araşdırma zamanı məlum olub ki, F.Cəfərov Mahir Mirzəbəyovdan girov müqabilində sələm ilə 200 manat pul götürüb və o, həmin məbləğin faizlərini ödəməklə 300 manatını qaytarıb. Lakin sonradan F.Cəfərovun M.Mirzəbəyova 20 manat borcu qalsa da, həmin məbləği tanışı heç bir əsas olmadan şişirdərək 350 manat müəyyən edib. Zərərçəkmiş bu barədə F.Cəfərovun qardaşı Fuad Cəfərova deyib. Fərid Cəfərov isə bu məsələyə görə ona irad tutararaq tanışını görüşə çağırıb. O, borcu barəsində qardaşına bildirməsini bəhanə gətirərək M.Mirzəbəyovu bıçaqlayıb.

    F.Cəfərov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

    O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi