Xidmət başında həlak olan prokurorluq əməkdaşları

Xidmət başında həlak olan prokurorluq əməkdaşları Azərbaycan Baş Prokurorluğu xidməti vəzifələrin icrası ilə bağlı həlak olan prokurorluq əməkdaşları ilə bağlı məlumatlar hazırlayıb.
Hadisə
15 Sentyabr , 2020 11:19
Xidmət başında həlak olan prokurorluq əməkdaşları

Azərbaycan Baş Prokurorluğu xidməti vəzifələrin icrası ilə bağlı həlak olan prokurorluq əməkdaşları ilə bağlı məlumatlar hazırlayıb.

“Report” maraqlı olduğunu nəzərə alaraq həmin məlumatları təqdim edir:

Qayıbov İsmət İsmayıl oğlu 1942-ci ildə Gəncə şəhərində anadan olub, 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 1971-ci ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçib, “Prokurorluğun fəxri işcisi” döş nişanı ilə təltif edilib. 20.11.1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində işləyərkən Rusiya Federasiyası və Qazaxıstan Respublikasının rəsmi nümayəndələri və Azərbaycan Respublikasının dövlət və ictimai xadimləri ilə birlikdə (cəmi 22 nəfər) respublikanın Dağlıq Qarabağ bölgəsinə ezamiyyətə gedərkən erməni silahlı birləşmələri tərəfindən vurulan vertolyotda həlak olub. III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsində olub.

Plavski İqor Aleksandroviç 1939-cu ildə Bakı şəhərində anadan olub, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, 1981-ci ildə həmin universitetin hüquq fakültəsini bitirib, 1983-cü ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçib. 20.11.1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru vəzifəsində işləyərkən Rusiya Federasiyası və Qazaxıstan Respublikasının rəsmi nümayəndələri və Azərbaycan Respublikasının dövlət və ictimai xadimləri ilə birlikdə (cəmi 22 nəfər) respublikanın Dağlıq Qarabağ bölgəsinə ezamiyyətə gedərkən erməni silahlı birləşmələri tərəfindən vurulan vertolyotda həlak olub. Baş ədliyyə müşaviri xüsusi rütbəsində olub.

Əliyev Şəmşir Şahlar oğlu 1949-cu ildə Ağcabədi rayonu, Qaraxanlı kəndində anadan olub, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1974-cü ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçib. 14.06.1993-cü ildə Samux rayon prokuroru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar cinayətkar dəstə tərəfindən avtomat silahdan açılan atəş nəticəsində həlak olub. Kiçik ədliyyə müşaviri xüsusi rütbəsində olub.

Ağayev Nizami Məsimalı oğlu 1955-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Parağaçay qəsəbəsində anadan olub, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 1985-ci ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçib. 31.08.1993-cü ildə Qubadlı rayon prokuroru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar cinayətkar dəstə tərəfindən avtomat silahdan açılıb atəş nəticəsində həlak olub. I dərəcəli hüquqşünas xüsusi rütbəsində olub.

Vəliyev Əyyub Əli oğlu 1953-cü ildə Ağdam rayonunda anadan olub, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 1992-ci ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçib. 31.08.1993-cü ildə Qubadlı rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar cinayətkar dəstə tərəfindən avtomat silahdan açılan atəş nəticəsində həlak olub.

Hüseynov Fəzayıl Arıx oğlu 1956-cı ildə Şəmkir şəhərində anadan olub, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 1989-cu ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçib. 12.11.1995-ci ildə Samux rayon prokuroru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar cinayətkar dəstə tərəfindən avtomat silahdan açılan atəş nəticəsində həlak olub. Kiçik ədliyyə müşaviri xüsusi rütbəsində olub.

Xasayev Səbuhi Lütviq oğlu 1963-cü ildə Gəncə şəhərində anadan olub, 1990-cı ildə Daşkənd Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 1993-cü ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçib. 31.03.1994-cü ildə Qazax qarnizonu hərbi prokurorluğunun müstəntiqi vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Ermənistan Respublikası ilə sərhəddində hadisə yerinin müayinəsi zamanı minaya düşərək həlak olub.

Əliyev Rövşən Ədalət oğlu 1955-ci ildə Ağstafa rayonunda anadan olub, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib və həmin ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçib, "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilib. 13.03.2002-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar cinayətkar birlik tərəfindən tapançadan açılan atəş nəticəsində həlak olub. Baş ədliyyə müşaviri xüsusi rütbəsində olub.

Son xəbərlər

Orphus sistemi