Bakı. 28 dekabr. REPORT.AZ/ "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşən və meyiti ötən gün tapılan neftçi İman Qasımov Lökbatan qəbirstanlığında dəfn olunub. "Report"un müxbiri xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, həmçinin "Azneft"in rəhbərliyi və SOCAR-ın digər nümayəndələri iştirak edib. Mərasimə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da qatılıb.
Xatırladaq ki, neftçinin meyiti dekabrın 27-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdi. Hazırda itkin düşən 22 neftçinin axtarışı davam edir.