Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində zərərçəkən və şahidlər ifadə verib

Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində zərərçəkən və şahidlər ifadə verib Məhkəmənin növbəti prosesi oktyabrın 25-nə təyin edilib
Hadisə
18 Oktyabr , 2016 12:53
Xətaidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində zərərçəkən və şahidlər ifadə verib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Xuraman Hüseynova ifadə verib.

O, hahisə baş verən dövrdə binada kirayədə qaldığını, kirayədə qaldığı evin yandığını və ona ziyan dəydiyini deyib: "Bütün əşyalarım yanıb. Amma cəmi 4 min manat kompenassiya almışam".

Daha sonra şahid Akid Musayev ifadə verib. O, tikintidə sahə rəisi olduğunu bildirib: "Yalnız yanğın baş verən binada sahə rəisi vəzifəsində işləməmişəm, ümumilikdə 155 binaya nəzarət etmişəm. Tapşırıq əsasında nə deyiblər onu da eləmişəm".

"THN" şirkətinin mühasibi Könül Abbasova da məhkəmədə ifadə verib. O, ifadəsində rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirdiyini vurğulayıb.

Məhkəmənin növbəti prosesi oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, N.Muxtarov saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Son xəbərlər

Orphus sistemi