Xətaidə yanan bina ilə bağlı tutulan şəxslərin məhkəməsində zərərçəkmiş və şahid ifadə verib

Xətaidə yanan bina ilə bağlı tutulan şəxslərin məhkəməsində zərərçəkmiş və şahid ifadə verib Məhkəmənin növbəti prosesi oktyabrın 4-nə təyin edilib
Hadisə
27 Sentyabr , 2016 15:53
Xətaidə yanan bina ilə bağlı tutulan şəxslərin məhkəməsində zərərçəkmiş və şahid ifadə verib

Bakı. 27 Sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əfrəddin Veysəlov ifadə verib.

O, hadisə zamanı qızına məxsus evinin yandığını, lakin özünün də zərərçəkmiş kimi tanındığını deyib. Ə.Veysəlov yanğın baş verən gün övladının evdə olmadığını bildirib: "Bütün ev yanıb külə dönmüşdü. Qızımın evi təmir edilib, 15 min manat da kompensasiya verilib. İstəyirəm ki, qızıma 30 min manat pul verilsin. Həmin evdə mənim İranda istehsal olunan xalçam yandığı üçün zərərçəkənəm. Həm də qızım hadisədən 3 gün sonra evə gəldi. Ona görə də ilk zərərçəkmiş kimi mən tanındım”.

Şahid qismində Eldar Həsənov dindirilərkən bildirib ki, binaların üzlənməsi üçün istehsal olunan “poliuretan” məsulların istehsal olunduğu TNH şirkətində sex müdiri vəzifəsində çalışıb. O, işə qeyri-rəsmi şəkildə götürüldüyünü, aylıq 1000 manat maaş aldığını deyib.

E.Həsənov təqsirləndiriən Fərid Sadıqovu sadəcə iş adamı kimi tanıdığını bildirib. O, sexdə “poliuretan” məsulların necə istehsal edildiyindən danışıb: "Sexdə olan dəzagahlar Çindən gətirilmişdi. “Poliuretan” iki məhsulun qarışığından alınırdı. İzosionet və pulior məddələrinin qarışığından hazırlanırdı. Çindən gələn mütəxisis bu maddələrin yarı-yarıya qarışdırılması ilə hazırlanacağını demişdi. Biz də o qaydada məhsul istehsal edirdik. Həmin məhsulların oda davamlı olduğunu bilirdim. Ancaq bunu araşdırmaq mənim səlahiyyətimdə deyildi. Mən sadəcə dizayner qrupundan aldığım sifarişi yerinə yetirib, məhsulu təhvil verirdim. Məhsulların oda davamlı olması haqda rəsmi sənəddən xəbərim yox idi. Bizim özümüz heç rəsmi müqavilə ilə işləmirdik".

E.Həsənov həmin məsulların yanmasını Xətaidə baş verən hadisədən sonra xəbər tutduğunu vurğulayıb: "Hadisədən sonra biz də materialın üstünə benzin töküb yandırdıq. Bu zaman benzin yandı, amma material yanmadı. Hələ də üzlüyün necə yanmasını başa düşə bilmirəm".

Məhkəmənin növbəti prosesi oktyabrın 4-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən ay Bakı İstintaq Təcridxanasında saxlanılan N.Muxtarov orada vəfat edib.

Son xəbərlər

Orphus sistemi