Xətaidə yanan bina ilə bağlı tutulan şəxslərin məhkəməsində mübahisə düşüb

Xətaidə yanan bina ilə bağlı tutulan şəxslərin məhkəməsində mübahisə düşüb “Ayıbdır, ağsaqqal adamsız, düzgün danışın”
Hadisə
4 Oktyabr , 2016 16:04
Xətaidə yanan bina ilə bağlı tutulan şəxslərin məhkəməsində mübahisə düşüb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə 5 zərərçəkmiş - Gülbəniz Atayeva, Elmir Abdullayev, Ömürzadə Züfüqarov, Vüsal Cəlilov və Faiq Əsgərov ifadə verib. Həmin şəxslər yanğın zamanı evlərinə zərər dəydiyini, lakin mənzillərinin təmir olunduğunu bildiriblər. V.Cəlilovun sözlərinə görə, istintaq orqanı tərəfindən onun mənzilinə nə qədər ziyan dəydiyi barədə məlumat verilməyib.

Hakim qeyd edib ki, bu işdə ən az zərər çəkən V.Cəlilovdur: "Onun evinə 80 manat ziyan dəyib".

Daha sonra şahid qismində Eldar Həsənov sualları cavablandırı: "Çindən gələn mütəxəsis “poliuretan” materialların hazırlanması üçün mayeləri 50 faiz-50 faiz əlavə etməyin zəruriliyini demişdi. Daha sonra qəliblərdə problem olduğu üçün Türkiyədən mütəxəssislər gəldi. Həmin şəxs sexə Rəşad müəllimlə birgə gəldi. Türkiyəli mütəxəssis dedi ki, faizləri azaltmaq lazımdır. Bu barədə də fəhlələrə məlumat verdim. Ötən məhkəmə prosesində bu haqda deməyi unutdum".

Daha sonra E.Həsənovun ilkin ifadəsi elan olunub. Hakim onun ifadələri arasında ziddiyyətlər olduğunu deyib. E.Həsənov isə ibtidai istintaq zamanı ifadəsi alınan zaman həyacanlı olduğundan və eynəyindən istifadə etmədiyi üçün yazılanları sona qədər oxumdığını vurğulayıb: "Məndən ifadə alan şəxsin səmimiyyətinə inandım. Dedim yəqin nə demişəm yazıb. Sizdən xahiş edirəm ki, görməyə-görməyə qol çəkmişəm və bunu nəzərə alardız".

Prosesdə şahid Cahid Niyazov dindirilib. O, təmir olunan binalarda təhlükəsizliyə cavabdeh olduğunu, fəhlələrin işə gəlib qol çəkmələrinə nəzarət etdiyini vurğulayıb. C.Niyazov təqsirləndirilən şəxslərdən yalnız F.Sadıqovu tanıdığını və işə dünyasını dəyişən N.Muxtarovun dəvəti ilə gəldiyini deyib.

Prosesdə şahid Rəşad Quliyev də ifadə verib. O, "THN" şirkətində dizayner vəzifəsində çalışdığını bildirib: "Şirkətə Fərid müəllimlə tanış olandan sonra gəlmişəm. Sonra məni Mamed müəllimə tanış etdi. Əvvəl mallar Çindən gətirilirdi. Mamed müəllimlə xaricdə sərgidə olandan sonra Türkiyə şirkəti ilə işlədik. Mən dizayneri hazırlayıb Mamed müəllimlə Nüsrət Muxtarova təqdim edirdim. Bundan sonra həmin işlə kimin məşğul olmağından xəbərim yoxdur. Qəliblərdə problem olduğu üçün Türkiyədən mütəxəsis çağırıldı. Həmin şəxs bildirdi ki, katelizatoru artırmaq lazımdır".

Prosesdə təqsirləndirilən və dünyasını dəyişən N.Muxtarovun vəkili İsaq Nəmiyev məhkəməyə iradını bildirib. O bildirib ki, məhkəmə istintaqın təqdim etdiyi cinayət işini təsdiqləyir, lakin araşdırma aparılmır: "Bu işdə əsas olan adamlar kənarda qalıb".

Dövlət ittihamçısı Mübariz Mirili isə vəkilə "siz gedib prosessual məcəlləni öyrənin, sonra gələrsiz" cavabını verib: "Ayıbdır, ağsaqqal adamsız, düzgün danışın".

Hakim bildirib ki, məhkəmə hər bir şəxsin dindirilməsini sona qədər aparır. Proses oktyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən ay Bakı İstintaq Təcridxanasında saxlanılan N.Muxtarov orada vəfat edib.

Son xəbərlər

Orphus sistemi