Xətai rayonunda baş verən yanğınla bağlı tutulanların məhkəməsi başlayıb

Xətai rayonunda baş verən yanğınla bağlı tutulanların məhkəməsi başlayıb Məhkəmə baxışı iyunun 14-nə təyin edilib
Hadisə
7 İyun , 2016 11:45
Xətai rayonunda baş verən yanğınla bağlı tutulanların məhkəməsi başlayıb

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəməsi başlayıb. 

“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Hər üç şəxsin vəkilləri onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyib. F.Sadıqovun vəkili də çıxış edərək onun səhhətində, əsasən də baş-beyin nahiyəsində ağır problem olduğunu və buna görə də Türkiyədə cərrahiyyə əməliyyatı keçirdiyini deyib. Zərərçəkmiş şəxslər vəsatəti müdafiə ediblər.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib. Vəsatətlər təmin edilməyib.

Məhkəmə baxışı iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.

Son xəbərlər

Orphus sistemi