​Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb

​Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb
Hadisə
28 İyun , 2016 13:12
​Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a vəkil Fariz Namazlı məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, E.Türkoğlu jurnalist X.İsmayılın Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. O, jurnalistin öz "facebook" hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edib.

Bakı İstintaq Təcridxanasında Binəqədi Rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev qərar çıxarıb. Qərara əsasən, X.İsmayıl 2500 manat məbləğində cərimələyib. Qərardan narazı qalan jurnalist apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bir müddət əvvəl həmin iş üzrə amnistiyaya düşüb. Buna baxmayaraq, jurnalist bəraət almaq üçün Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində şikayət təmin edilməyib. Mayın 25-də Ali Məhkəmədə Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi