Xədicə İsmayılın kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

Xədicə İsmayılın kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb İşə hakim Əhməd Nurməmmədovun sədrliyi ilə baxılacaq
Hadisə
14 Mart , 2017 16:21
Xədicə İsmayılın kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

Bakı. 14 mart. REPORT.AZ/ Jurnalist Xədicə İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilən sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair ərizənin təmin edilməməsi ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas martın 16-na təyin edilib.

İşə hakim Əhməd Nurməmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona CM-nin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilib. Hökmə əsasən, X.İsmayıl digər maddələr üzrə 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Ötən il mayın 25-də Ali Məhkəmə X.İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu CM-nin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Daha sonra X.İsmayıl CM-nin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

Xatırladaq ki, X.İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra X.İsmayıl Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi