Bakı. 11 aprel. REPORT.AZ/ Abakan Şəhər Məhkəməsində azərbaycanlılara məxsus kafeni talan edənlərin işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report" "Xakasiya" agentliyinə istinadən xəbər verir ki, prokurorluq nümayəndələri bu gün ittihamları oxumağa başlayıb.
Amma müttəhimlər kürsüsündə xuliqanlıq və başqasının əmlakına qəsdən zərərvurma maddələri ilə ittiham olunan 16 nəfər yer aldığından bu prosesin bir iclasda yekunlaşacağı çətin görünür.
Xatırladaq ki, ötən il martın 20-də Xakasiyada azərbaycanlılara məxsus kafelər talan edilib. Kütləvi iğtişaşlara xakasiyalı atlet Aleksandr Qolubinin öldürülməsi və bu işdə azərbaycanlının ittiham edilməsi səbəb olub.
Gənclərdən ibarət kütlə "Planet" və "Everest" kafelərini talan edib, kafedəki işçilər və müştərilər döyülüb. Hücumlara məhz sahibləri azərbaycanlılar olan kafelər məruz qalıb.
Bu işə xüsusi şəkildə baxılır, başqa sözlə, müttəhimlərin hamısı əvvəlcədən təqsirlərini boyunlarına alıblar.