Xaçmazda həmkəndlisini öldürən şəxs məhkəmədə ifadə verib: "Hər gün zəng edib məni bezdirirdi"

Xaçmazda həmkəndlisini öldürən şəxs məhkəmədə ifadə verib: "Hər gün zəng edib məni bezdirirdi" Məhkəmə baxış iclası martın 27-nə təyin edilib
Hadisə
24 Mart , 2017 15:13
Xaçmazda həmkəndlisini öldürən şəxs məhkəmədə ifadə verib: Hər gün zəng edib məni bezdirirdi

Bakı. 24 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Gündüz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report“un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən şəxsin qohumu Nailə Həbibova ifadə verib.

O ifadəsi zamanı bildiirb ki, həyat yoldaşına zəng edilib, qətlə yetirilən İlqar Novruzovun kiminləsə dava etdiyini deyiblər: "Biz bağa çatanda İlqar yerdə uzanmışdı. Onun başında qan var idi. İlqardan nə olduğunu soruşanda cavab vermədi. İlqar dedi ki, “məni Əligilə aparın”. Əli təqsirləndirilən Gündüzün atasıdır. Onu maşınla kəndə apardıq. Əligilin evinə çatanda İlqar maşından özü düşdü. Biz də çıxıb getdik. Sonradan baş verənlərdən xəbərim yoxdur".

N.Həbibova hadisənin səhəri günü İ.Novruzovun ölüm xəbərini eşitdiyini deyib.

Daha sonra şahid qismində Vahid Kərimov dindirilib. O, hadisə baş verdiyi bağda bağban işlədiyini söyləyib. V.Kərimov ifadəsində qeyd edib ki, hadisədən əvvəl təqsirləndirilən G.Məhərrəmov və qətlə yetirilən İ.Novruzov onun baxdığı bağa gəliblər: "Məndən yemək istədilər, verdim. Süfrəyə oturanda İlqar cibindən araq çıxardı. Sonra mən o biri otağa keçdim, iştahım yox idi. Qayıdanda gördüm ki, onlar nəsə qohumluq münasibətləri ilə bağlı mübahisə edirlər. Bu zaman çölə çıxdılar. Arxaları ilə çıxanda Gündüz orada yox idi, İlqar isə yerdə uzanmışdı. Nərimana zəng edib xəbər elədim. Onlar da gəlib İlqarı apardılar”.

Təqsirləndirilən G.Məhərərmov isə ifadəsində İ.Novruzovun hər gün spirtli içki qəbul etdiyini bildirib. O, mərhumla aralarında tez-tez mübahisə düşdüyünü söyləyib: "Hər gün zəng edib məni bezdirirdi. Qohumluq əlaqələrindən yaranmış problemlərə görə mənimlə mübahisə edirdi, söyüş söyürdü. Bağda İlqarla görüşəndə o, yenə spirtli içki içdi . Sonra mübahisə etməyə başladı. Bundan sonra da belə oldu".

Məhkəmə baxış iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Xaçmaz rayonunun Arzu kəndində baş verib. 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi G.Məhərrəmov tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.

G.Məhərrəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi