Bakı. 25 may. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məlikməmməd Adıgözəlovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Məhkəmə M.Adgözəlovun Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ixtisaslaşdırılmış əməli həmin Məcəllənin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilməsi barədə qərar çıxarıb. O, həmin maddə ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılıb və müdafiəçinin apellyasiya şikayəti qismən təmin olunub.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayının 21-də Xaçmaz rayonunun Uzunoba kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü M.Adıgözəlov keçmiş gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Hadisəni törədən M.Adıgözəlov saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Adıgözəlov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayətiu verib.