Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavininin kassasiya şikayətinə baxılıb

Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavininin kassasiya şikayətinə baxılıb Ali Məhkəmədə milliyyətcə azərbaycanlı olan Almaniya vətəndaşı Vüsal Şilderin qətli ilə bağlı ittiham edilən Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin keçmiş rəis müavini Kənan Babayevin kassasiya şikayətinə baxılıb.
Hadisə
25 Aprel , 2019 16:08
Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavininin kassasiya şikayətinə baxılıb

Ali Məhkəmədə milliyyətcə azərbaycanlı olan Almaniya vətəndaşı Vüsal Şilderin qətli ilə bağlı ittiham edilən Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin keçmiş rəis müavini Kənan Babayevin kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, K.Babayevin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl hadisəsi 2013-cü ilin may ayının 2-də Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında baş verib. Naməlum şəxslər Qərb Universitetinin 2-ci kurs tələbəsi, V.Şilderi qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hadisəni törətməkdə təqsirləndirilən Elman İsgəndərov 14 il 6 ay, Seymur Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, keçmiş polis mayoru İlham Məmmədov, Qurban Novruzov, Türkiyə vətəndaşı Yaşar Sümer və Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin keçmiş rəis müavini K.Babayev qabaqcadan əlbir olaraq 2013-cü il aprel ayının 11-də V.Şilder tərəfindən idarə olunan avtomaşını qəsdən zədələməklə ona xeyli miqdarda ziyan vurublar, vəzifə səlahiyyətlərini aşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır cinayət törədiblər.

Aparılan araşdırmalar zamanı V.Şilderin qətlə yetirilməzdən öncə maşınına narkotik vasitə atılması da məlum olub və həmin cinayət işinə görə İ.Məmmədov, Q.Novruzov, K.Babayev və Y.Sümer saxlanılıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə İ.Məmmədov 6 il 6 ay, Q.Novruzov 6 il 6 ay, Y.Sümer 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. K.Babayevə isə 4 il şərti cəza verilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə K.Babayevə aid hissədə hökm dəyişdirilib. Belə ki, onun barəsində 2 il sınaq müddəti təyin olunmasına dair müddəalar hökmdən xaric olunub. K.Babayevin təqsirliliyi sübuta yetirilmədiyinə görə, Cinayət Məcəlləsinin (CM) 32.5-ci (cinayətin törədilməsinə məsləhətləri), 186.2.2-ci (əmlakı qəsdən məhv etmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə) maddələri ilə ona bəraət verilib. CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 1 ilə endirilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 06 fevral 2017-ci il tarixdən hesablanıb. Hökmdən narazı qalan sabiq rəis müavini Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, V.Şilderin atası Adolf Şilder bir vaxtlar “Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.

Son xəbərlər

Orphus sistemi