​Vüsal Şilderin qətlində təqsirləndirilən şəxs kassasiya şikayəti verib

​Vüsal Şilderin qətlində təqsirləndirilən şəxs kassasiya şikayəti verib İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq
Hadisə
1 Avqust , 2016 17:25
​Vüsal Şilderin qətlində təqsirləndirilən şəxs kassasiya şikayəti verib

Bakı. 1 avqust. REPORT.AZ/ Vüsal Şilderin qətlində təqsirləndirilən Elman Seyidağa oğlu İsgəndərov barəsində olan hökmdən kassasiya şikayəti verilib.

"Report"un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas avqustun 2-nə təyin edilib.

İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2013-cü ilin may ayının 2-də Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında baş verib. Naməlum şəxslər Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyyətcə azərbaycanlı olan Almaniya vətəndaşı Vüsal Şilderi qətlə yetirib. Yaralı aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Hadisədən iki gün sonra İsgəndərov Elman Seyidağa oğlu şübhəli şəxs qismində tutulub. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Talıbov Seymur Teymur oğlu hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayətin iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub. İnterpolun Azərbaycan Respublikasının Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə o, Birləşmiş Ərəb Əmirliklərində tutulub.

E.İsgəndərov ilkin istintaq zamanı verdiyi ifadəsində V.Şilderi özünü öldürdüyünü bildirib. O, bu sifarişi pul qarşılığında qohumu S.Talıbov və X.Əlizadə tərəfindən aldığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsgəndərov 14 il 6 ay, S.Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib.Bakı Apellyasiya Məhkəməsində, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin (CM) hökmü ləğv edilərək, yeni hökm çıxarılıb. Belə ki, məhkəmə Cinayət Məcəlləsinin 120.2.5-ci (qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham olunan E.İsgəndərovun işinə CM-in 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsini də əlavə edib. CM-in 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi isə ittihamdan çıxarılıb. Onun barəsində çıxarılan hökm (14 il 6 ay) dəyişdirilməyib.

S.Talıbov barəsində isə yeni qərar qəbul edilib. CM-in 307.1-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham olunan S.Talıbovun cəzası başa çatıb. Qərara əsasən o, yenidən məsuliyyətə cəlb olunub. Belə ki, məhkəmə onun barəsində axtarış və həbs qərarı qəbul edib. Hökmdən narazı qalan E.İsgəndərov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi