Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiyanın Voronej əyalətinin Verxnemamonski rayonunda zəncirvari yol qəzası baş verib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, iki mikroavtobus, iki yük maşını və bir minik avtomobili toqquşub.
Belə ki, "Mercedes-Bens Sprinter" markalı mikroavtobus Rostov-Dondan Moskvaya hərəkət edərkən sürücü idarəetməni itirib və 32 yaşlı Azərbaycan vətəndaşının idarə etdiyi başqa bir "Mersedes" markalı mikroavtobusa arxadan dəyib. Bu da qarşı yoldan gələn DAF və "Fredlayner" yük maşınları, eləcə də "VAZ-21144" minik maşını ilə toqquşma ilə müşayiət olunub. Nəticədə "Mercedes-Bens Sprinter" markalı mikroavtobusun 63 yaşlı sürücüsü və 62 yaşlı sərnişini hadisə yerində dünyasını dəyişib.
Qəzanın yaranmasına səbəb olan birinci mikroavtobusdakı iki sərnişin - 59 yaşlı kişi və 58 yaşlı qadın, eləcə də ikinci mikroavtobusun sürücüsü və sərnişinləri - 35, 38 və 54 yaşlı Azərbaycan vətəndaşları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.