Yuxarı
    Bağlamaq

    Vidadi Zeynalov: "Məhəmməd Məmmədov qorxusundan dövlətə dəymiş zərəri ödəyib"

    Məhkəmənin növbəti iclası martın 3-nə təyin edilib

    Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    “Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlə çıxış edib.

    O, məhkəmə iclasında əsas diqqəti ittihamın əsaslarına yönəltmək istədiklərini deyib: "İstintaq orqanı tərəfindən Vidadi Zeynalova qarşı irəli sürülən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə verilən ittiham da əsaslı ola bilməz. İttiham aktında Məhəmməd Məmmədov və Oqtay Rüstəmova aid hissələrdə göstərilib ki, 2009-2015-cı il üzrə ƏDV ilə birlikdə 95 milyon 425 min manat vəsaiti saxta hesablarla tərtib etməklə başqa-başqa telekomunikasiya qovşaqlarına köçürərək, pulları sənədləşdiriblər. Məhəmməd Məmmədov ƏDV ilə birlikdə 54 milyon vəsaitdən 42 milyonu nağdalaşdıraraq 37 milyon manatı Vidadi Zeynalova verib, 4 milyon 200 min manatı özünə, 234 min isə Oqtay Rüstəmova verib".

    E.Süleymanlı əlavə edib ki, M.Məmmədov istintaqdakı ifadəsində bildirib ki, "Aztelekom" MMC-dən 2009-2015-ci illərdə daxil olmuş 128 milyon manat xidmət haqqı məbləği "Aztelekom" MMC tərəfindən nazirliyin göstərişi ilə telefon qovşağına, "Azərpoçt" MMC-yə, "Qafqaz-S" MMC-yə, "Optik Rabitə Montaj", "Kompas" və digər MMC-lərə köçürülüb, həmin vəsaitdən nazirliyin xəzinəsinə pul verilib.

    Daha sonra V.Zeynalovun digər vəkili Ceyhun Yusifov şahid Fətulla Baxşəliyevin ifadəsinin elan edilməsini istəyib. O bildirib ki, M.Məmmədov 4,6 milyon manat mənimsəmədə ittiham edilir: "Bu zaman Məhəmməd Məmmədov Vidadi Zeynalova "məndən nə istəyirsən, mənimlə problemin var?", - deyə bildirib. Vidadi Zeynalov onunla heç bir işi olmadığını söyləyib".

    Hakim qeyd edib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələləri araşdırmağa bir gün vaxt ayrılacaq.

    M.Məmmədovun vəkili Şahin Rəfiyev isə müvəkkilinə pul verilməsini "sübut etmək Vidadi Zeynalova nə verəcək" sualını verib: "Niyə belə vəsatət verirsiz? Burada hamı bilir ki, Məhəmməd Məmmədova heç kim pul verməyib".

    Vəkil E.Süleymanov qeyd edib ki, "niyə istintaq eyni halı Vidadi Zeynalova tətbiq etməyib" sualını ünvanlayıb.

    Bu zaman vəkillər arasında mübahisə düşüb. M.Məmmədovun vəkili V.Zeynalovun vəkillərini müvəkkilinin əleyhinə vəsatət verməkdə suçlayıb.

    Bundan sonra məhkəmədən söz alan V.Zeynalov vurğulayıb ki, onun və vəkillərinin məqsədi M.Məmmədovun əleyhinə danışmaq deyil: "İstintaqın düzgün aparılmamasını sübut etmək istəyirik. Hamıya bəllidir ki, Məhəmməd nə pul alıb, nə də pul verib. O, sadəcə qorxusundan dövlətə dəymiş zərəri ödəyib. Məqsədimiz istintaqın obyektiv olmamasını ortaya çıxarmaqdır".

    Məhkəmənin növbəti iclası martın 3-nə təyin edilib.

    Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

    Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb.
    Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İttiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

    V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.

    Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi