Yuxarı

Nazirlik Aparatının keçmiş rəhbəri barəsində yazılanlara münasibət bildirib

RYTN-in sabiq Aparat rəhbəri: Nadir Əhmədov məqsədli şəkildə cəmiyyəti çaşdırmaq niyyətindədir

Bakı. 23 noyabr. REPORT.AZ/ "Bilmirəm bunu KİV-də hansı mənbəyə istinadla yazırlar ki, guya hüquqlarını müdafiə etdiyim Vidadi Zeynalovun xidməti otağında olan seyfdən xəzinə tapıblar. Biz buna qəti etirazımızı bildiririk". Bunu “Report”a açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun vəkili Adəm Məmmədov deyib.

Vəkil V.Zeynalovun otağından heç bir xəzinə tapılmadığını bildirib: "Əgər Vidadi Zeynalovun iş otağına Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərsə, bu, cinayət işi materiallarına əlavə edilərdi. Belə söhbətləri bəzi qüvvələr cəmiyyətdə çaşqınlıq yaratmaq üçün məqsədli şəkildə çıxarılar. Bir daha deyirəm, bu, yanlış məlumatdır. Necə ola bilər ki, insan öz iş otağında xəzinə yaratsın, yaxud saxlasın?! Qətiyyən belə bir hal olmayıb. Bu, heç inandırıcı da deyil. Bir şeyi də yaddan çıxarmayaq ki, rabitə və yüksək texnologiyalar naziri Vidadi Zeynalov olmayıb".

A.Məmmədov bildirib ki, müdafiə etdiyi şəxsin, yəni V.Zeynalovun fikrincə, keçmiş rabitə naziri Nadir Əhmədov məqsədli şəkildə cəmiyyəti çaşdırmaq istəyib: "Vidadi müəllim dedi ki, keçmiş rabitə naziri Nadir Əhmədov mətbuata verdiyi müsahibəsində məqsədli şəkildə cəmiyyəti çaşdırmaq niyyətindədir. Vidadi Zeynalov bildirib ki, yəqin Nadir Əhmədov dırnaqarası şəffaf işləyib. Yaxından tanımadığı, münasibəti olmadığı şəxs barəsində belə fikir bildirmək düzgün deyil. Niyə məhz Nadir Əhmədov? Çünkü bu da məqsədli şəkildə həyata keçirilir. Belə rəy formalaşdırılır ki, guya bu işlərin başında Vidadi Zeynalov dayanıb. Hər şeyi onun adı ilə bağlayırlar".

Qeyd edək ki, mətbuatda barəsində həbs qətimkan tədbiri seçilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun iş otağından əsl xəzinə tapılması barədə məlumatlar yayılıb.

Keçmiş rabitə naziri Nadir Əhmədov isə mətbuata açıqlamasında V.Zeynalovu tənqid edib: "Gərək bunlar baş verməyəydi. Çünki baş verənlər rabitəçilərin adına xələl gətirdi. Rabitə Nazirliyində heç vaxt belə hallar olmayıb. Hesab edirəm ki, bütün baş verənlərin səbəbkarı hörmətli alim, sabiq nazir Əli Abbasovun öz ardınca aparat rəhbəri gətirdiyi Vidadi Zeynalovdur. Bəli, nazirlikdə baş verən bu hallara şərait yaradan Vidadi Zeynalov olub. Vidadi özü rabitəçi deyildi. Mən o vaxt "Baqotel"də işləyəndə o da "Domsovet"də çalışırdı. Oradan da qanun pozuntularına görə qovulmuşdu. Onun yeri Rabitə Nazirliyi deyildi. O, ancaq pozuntu işlərini bacarırdı. Rabitədən başı çıxmırdı. Alim Əli Abbasovun ən böyük səhvi Vidadi Zeynalovdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi