Rüşvətə görə həbs edilən vergi müfəttişinin məhkəməsində Türkiyə vətəndaşı dindirilib

Rüşvətə görə həbs edilən vergi müfəttişinin məhkəməsində Türkiyə vətəndaşı dindirilib Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Ağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
26 Fevral , 2019 17:32
Rüşvətə görə həbs edilən vergi müfəttişinin məhkəməsində Türkiyə vətəndaşı dindirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Ağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Türkiyə vətəndaşı Füsun Baştürk ifadə verib.

Məhkəmədə elan olunub ki, F.Baştürk Azərbaycandakı şirkətinin vergi işlərinin həll edilməsi üçün Elvin Manafov vasitəsi ilə Ağa Məmmədova 1500 manat pul verib.

Şahid dindirilən zaman söyləyib ki, 3 ilə yaxındır Vergilər Nazirliyindən 17 min manat pul alacağı var: "Mən Elçinlə birlikdə işləmişəm. O da vergi işindən anlayışı olan Ağa Məmmədovu tanıdığını bildirdi. Daha sonra Ağa Məmmədovla görüşüb danışdıq, ona 1500 manat pul verdim. Bu hadisədən 8 ay keçdi, lakin Ağa işimi həll etmədi. Mən də məcbur qalıb Vergilər Nazirliyinə məktub yazdım. Sonra Ağa özü bizi tapdı və pulu qaytardı. O zaman da dedim ki, şikayət və tələbim yoxdur".

Daha sonra F.Baştürk sualları cavablandırıb. O qeyd edib ki, A.Məmmədova pulu rüşvət məqsədi ilə verməyib.

Türkiyə vətəndaşının sözlərinə görə, A.Məmmədov barəsində Vergilər Nazirliyinə müraciətindən sonra ona qarşı ittiham irəli sürülüb.

Məhkəmədə bildirilib ki, F.Baştürkün vergilər naziri Mikayıl Cabbarova ünvanlanan müraciətindən sonra A.Məmmədov barəsində araşdırma aparılıb.

F.Baştürk qeyd edib ki, həmin müraciəti şikayət niyyətiylə olmayıb: "İşimin tez həll olunması üçün belə etdim".

Prosesdə elan olunub ki, F.Baştürk barəsində rüşvət verməyə görə cinayət təqibinə xitam verilib.

Məhkəmədə digər şahid Elvin Manafov da dindirilib. O vurğulayıb ki, F.Baştürkün vergi problemlərini həll etmək məqsədi ilə tanışı A.Məmmədova müraciət edib: "Ağaya pul veriləndən sonra Vergilər Nazirliyində kadr dəyişikliyi oldu və buna görə də iş alınmadı. Nazir dəyişdi, bəzi adamları da işdən çıxarıldı. O, pulu rəisinə verəcəyini, lakin işdə problemlərin yarandığını bildirmişdi".

Məlum olub ki, şirniyyat mağazası işlədən E.Manafov vergiyə olan 5700 mana borc məsələsini həll etmək üçün də A.Məmmədova müraciət edib. Belə ki, o, A.Məmmədova 1500 manat ödəniş edərək vergiyə olan 5700 manat borcunu sildirmək istəyib, lakin hər iki iş də alınmayıb.

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, daxil olmuş məlumat əsasında Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlunun qanunsuz əməlləri ifşa edilib.

Belə ki, A.Məmmədov əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib. Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə ümumilikdə 2.700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirib.

A.Məmmədov barəsində Cinayət Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi