Rüşvətə görə həbs edilən vergi müfəttişinin məhkəmə istintaqı başa çatıb

Rüşvətə görə həbs edilən vergi müfəttişinin məhkəmə istintaqı başa çatıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhər Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Ağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
22 Aprel , 2019 12:17
Rüşvətə görə həbs edilən vergi müfəttişinin məhkəmə istintaqı başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhər Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Ağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxışa hazır olmadığını deyərək məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 29-na təyin edilib.

Qeyd edək ki, Vergilər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, daxil olmuş məlumat əsasında Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlunun qanunsuz əməlləri ifşa edilib.

Belə ki, A.Məmmədov əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib. Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə ümumilikdə 2.700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirib.

A.Məmmədov barəsində Cinayət Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi