Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olması ilə bağlı mətbuat konfransı keçirilib.
Hadisə
25 May , 2022 13:07
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olması ilə bağlı mətbuat konfransı keçirilib.

"Report"un xəbərinə görə, konfransda iştirak edən Kollegiyanın sədri Anar Bağırov bildirib ki, 4 il ərzində davam edən danışıqların, keçirilən iclasların, hazırlanan hesabatların nəticəsi olaraq Azərbaycan VK müstəqil peşə birliyi olaraq rəsmən tanınıb:

"Bu il mayın 13-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən plenar iclasda təqdimat və çıxışlarımızdan sonra bütün ölkələrin suallarının cavablandırılmasının nəticəsi etibarilə Vəkillər Kollegiyası böyük səs çoxluğu ilə CCBE təşkilatına üzv olub. Bu üzvlüklə Azərbaycan vəkillərinin avropalı vəkillər, kollegiyalar, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənəcək. Avropada təcrübə keçmək imkanları mümkün olacaq, vəkillərin peşə hazırlığı artırılmaqla, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcəkdir. Bu, eyni zamanda, Vəkillər Kollegiyasının işinin daha da təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır.

Hesab edirik ki, bu, son 4 ilin ən böyük uğurlarından biridir. Bu uğur ölkəmizin imicinə də müsbət təsir göstərir. İllər ərzində həmin təşkilatla gərginlik yaşanıb və tənqidi fikirlər səsləndirilib. Amma dövlətimizin uğurlu xarici siyasəti nəticəsində bizə qarşı münasibətlər artıq dəyişir, beynəlxalq sahədə aktiv fəaliyyət, bu kimi uğurlar və üzvlüklərlə əsassız fikirlərə qarşı mövqe sərgiləmək və ölkəmizin maraqlarını dəstəkləmək imkanı daha çox yaranmış olur".

Sədr qeyd edib ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və 1 milyondan çox vəkili özündə birləşdirən CCBE təşkilatı Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılır və Avropa hüquq peşəsinin səsi kimi tanınır.

Daha sonra Kollegiyanın Aparat rəhbəri Bayram Orucov görülən işlər barədə məlumat verib və CCBE üzvlüyün əhəmiyyətindən danışıb.

VK-nın Aparatının Beynəlxalq şöbəsinin müdiri Ayşə Abdel Qadir vurğulayıb ki, Azərbaycan beynəlxalq qurum müşahidəçi üzvü kimi qəbul olunub: "Bu quruma üzv olmaq digər üzvlərlə qarşılıqlı əlaqələrə şərait yaradacaq".

Daha sonra Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

İclasın gündəliyinə uyğun olaraq fəaliyyətlərində fərqlənən, həmçinin yubileylərini qeyd edən bəzi vəkillərin mükafatlandırılması və yeni büroların təsisi məsələlərinə baxılıb, müsbət qərar qəbul olunub.

Həmçinin iclasda vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma və s. məsələlərə baxılıb, müsbət qərarlar verilib.

Son xəbərlər

Orphus sistemi