Yuxarı

Vəkil: “Vidadi Zeynalovun səhhəti qənaətbəxş deyil”

“O, həbs edilməmişdən əvvəl diz qapağından əməliyyat olunub”

Bakı. 27 may. REPORT.AZ/ Vəkil Ceyhun Yusifov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovla görüşüb.

Bu barədə “Report”a C.Yusifov məlumat verib.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhəti qənaətbəxş deyil: “Vidadi Zeynalov səhhətindəki problemlə əlaqədar olaraq, görüş otağına gələrkən çox əziyyət çəkdi. O, həbs edilməmişdən əvvəl diz qapağından əməliyyat olunub. Həmçinin, onun belində ağır dərəcəli onurğa yırtığı (qrija) və sinir ağrıları var. Buna görə də Vidadi Zeynalov otura bilmir. O, ya yataqda uzanmalı, ya da ayaq üstə dayanmalıdır. Bu da ona çətinliklər yaradır. Vidadi Zeynalov mənə şiddətli ağrılarının olduğunu, buna görə gecələr yata bilmədiyini dedi”.

Vəkil bildirib ki, V.Zeynalov xüsusi avadanlıqların olduğu tibb müəssisəsində müayinə olunmasını istəyir.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V.Zeynalov barəsində Binəqədi Rayon Məhkəməsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi