Yuxarı
    Bağlamaq

    Vəkil: “Vidadi Zeynalov apellyasiya şikayəti verməyəcək”

    “Amma məhkəmə qərarı ilə razı deyilik”

    Bakı. 20 avqust. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verməyəcək.

    Bu barədə “Report”a V.Zeynalovun vəkili Ceyhun Yusifov bildirib.

    Vəkilin sözlərinə görə, hazırda keçmiş Aparat rəhbərinin səhhətində problem olduğu üçün məhkəməyə müraciət etməyəcəklər: "Düzdür, məhkəmə qərarı ilə razı deyilik, lakin hazırda hüquqlarını müdafiə etdiyim şəxsin səhhətində problemlər var. Vidadi Zeynalov Apellyasiya Məhkəməsinə getməkdə çətinlik çəkəcək deyə, apellyasiya şikayəti vermək fikrimiz yoxdur".

    Xatırladaq ki, avqustun 18-də Binəqədi Rayon Məhkəməsində V.Zeynalovun barəsində həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

    Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

    Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V.Zeynalov barəsində Binəqədi Rayon Məhkəməsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi