Yuxarı

Vəkil nazirin qardaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə bəraət istəyib

Vəkil nazirin qardaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə bəraət istəyib
Ceyhun Yusifov cinayət işinin məhkəmə istintaqı yenilənməklə baxılmasını tələb edib
© Report

Bakı. 9 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov müdafiə çıxışı edib.

Vəkil çıxışında cinayət işinin məhkəmə istintaqı yenilənməklə baxılmasını və müvəkkilinin barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında S.Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlığı satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində isə qazancın yarısını nazirin qardaşına verəcəyini vəd edib.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.

S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə.Camalova pulu qaytarmayıb. Nazirin qardaşı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Daha sonra onun müraciəti araşdırıldıqdan sonra Nərimanov Rayon Prokurorluğunda 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.

Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi