Yuxarı

​Vəkil: "Keçmiş MTN naziri apellyasiya şikayəti verməyəcək"

Hüquqlarını müdafiə etdiyim şəxsin səhhəti normaldır

Bakı. 20 may. REPORT.AZ/ Bu gün vəkil Tofiq Allahverdiyev Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovla görüşüb.

Bu barədə "Report"a vəkilin özü məlumat verib.

Onun sözlərinə görə, sabiq milli təhlükəsizlik naziri səhhətindən narazı deyil: "Vəli Ələsgərov Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin İstintaq Təcridxanasında normal şəraitdə saxlanılır, onun heç bir problemi yoxdur. Hüquqlarını müdafiə etdiyim şəxsin səhhəti normaldır".

T.Allahverdiyev bildirib ki, V.Ələsgərov barəsində olan həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı apellyasiya şikayəti verilməyəcək: "Bu, Vəli Ələsgərovun öz qərarıdır. O, apellyasiya şikayəti verməyimi istəmir".

Qeyd edək ki, uzun müddət Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışan V.Ələsgərov ötən ilin dekabr ayında işdən çıxarılıb. Bu il mart ayının 7-də Naxçıvanda saxlanılan V.Ələsgərov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. May ayının 14-də isə yenidən məhkəmənin qərarı ilə V.Ələsgərov barəsində həbs qətimkan tədbiri seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi