Vəkil: "Keçmiş hakim Həsən Əliyevin cinayət işi üzrə zərərçəkmişin saxlanılması barədə yayılan xəbər yanlışdır"

Vəkil: "Keçmiş hakim Həsən Əliyevin cinayət işi üzrə zərərçəkmişin saxlanılması barədə yayılan xəbər yanlışdır" "Dünən Ramazan Səlimovla telefonda danışmışam"
Hadisə
7 Sentyabr , 2017 16:10
Vəkil: Keçmiş hakim Həsən Əliyevin cinayət işi üzrə zərərçəkmişin saxlanılması barədə yayılan xəbər yanlışdır

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Həbsdə olan keçmiş hakim Həsən Əliyevin cinayət işi üzrə zərərçəkmiş Ramazan Səlimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılmayıb".

Bu barədə "Report"a R.Səlimovun vəkili İradə Cavadova məlumat verib.

Onun sözlərinə görə, müvəkkili hazırda öz evindədir: "Ötən gün mətbuatda Ramazan Səlimovun saxlanıldığı xəbərini oxudum. Daha sonra müvəkkilimə zəng etdim. O, hazırda evində ailəsi ilə birgə olduğunu söylədi. Ramazan Səlimov mətbuatda yazılan məlumatların yalan olduğunu bildirdi. Mən hazırda da onun mülki işlərində müdafiəçi kimi iştirak edirəm. Onun saxlanılma xəbəri yalandır. Yanlış xəbərin yayılmasından təəssüflənirəm".

Xatırladaq ki, ötən gün R.Səlimovun Səbail Rayon Polis İdarəsi tərəfindən saxlanılması ilə bağlı xəbər yayılıb. Məlumata görə, o, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub, daha sonra tutulub.

Qeyd edək ki, ittiham aktına əsasən, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova üz tutub. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. H.Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb.

Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və Elman Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.

İstintaq dövründə H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə), 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 8 il, T.Süleymanov 7 il, H.Əliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan H.Əliyev məhkəmə zalında həbs edilib.

Prezident İlham Əliyev H.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi H.Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

Son xəbərlər

Orphus sistemi