Vəkil Bakıda İngiltərə vətəndaşına qarşı soyğunçuluq edən şəxsə bəraət istəyib

Vəkil Bakıda İngiltərə vətəndaşına qarşı soyğunçuluq edən şəxsə bəraət istəyib Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib
Hadisə
18 Oktyabr , 2017 12:21
Vəkil Bakıda İngiltərə vətəndaşına qarşı soyğunçuluq edən şəxsə bəraət istəyib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniya vətəndaşına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Emin Mustafayev və Nicat Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda N.Hacıyevin vəkili Vüqar Xasayev müdafiə çıxışı edib.

O, müvəkkilinin günahsız olduğunu, N.Hacıyevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib: "Bu işdə soyğunçuluq faktı sübuta yetirilməyib".

Digər təqsirləndirilən şəxsin vəkili isə müdafiə çıxışına hazır olmadığını bildirərək, məhkəmədən vaxt tələb edib.

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, bu il aprel ayının 30-da gecə saatlarında paytaxtın Səbail rayonu ərazisindəki Sahil bağında iki nəfər naməlum şəxs İngiltərə vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıblar. Bu zaman Səbail Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin hadisə yerinin yaxınlığında xidmət aparan əməkdaşları soyğunçuluq cinayətini törədərək qaçmağa cəhd edən Bakı şəhər sakini E.Mustafayev və Beyləqan rayon sakini N.Hacıyev yaxalanıb.

Saxlanılan şəxslərin sözlərinə görə, onlar həmin şəxsin sərxoş olmasını görüb onu izləməyə başlayıblar. Bundan sonra isə cinayəti törədiblər.

Faktla bağlı Səbail rayon polis idarəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi