Vəkil 3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxsə bəraət istəyib

Vəkil 3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxsə bəraət istəyib Məhkəmənin növbəti iclası dekabrın 23-nə təyin edilib
Hadisə
1228
17 Dekabr , 2016 15:31
Vəkil 3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxsə bəraət istəyib

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu barədə "Report"a L.Abdullayevin vəkili Cavad Cavadov məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin müdafiəçiləri müdafiə nitqi ilə çıxış ediblər. 

C.Cavadov çıxışında müvəkkilinə Cinayət Məcəlləsinin (CM) 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə), 170.3.1-ci (yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb etmə), 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq) və 310-cu (özünü vəzifəli şəxs kimi təqdim etmə) maddələri ilə verilmiş ittihamlar üzrə bəraət verilməsini, 178.3.2-ci maddəsi ilə həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edib.

O, zərərçəkmişin hamı üçün açıq olan ictimai-iaşə obyektində azadlıqdan məhrum edilməsinin qeyri-mümkün olmasını və bununla bağlı həmin obyektin məktubunun təqdim edildiyini, təqsirləndirilən Tural Babazadənin ali məktəbdə oxumasını və onun təqsirləndirilən şəxslərdən yalnız Emin Qasımovun tanımasını, sonuncunun isə onun yetkinlik yaşına çatmayan şəxs olduğunu bilmədiyini və təqsirləndirilən şəxslərin özlərini vəzifəli şəxs kimi təqdim etmələrinin dələduzluqda üsul kimi istifadə edildiyini, həmçinin mütəşəkkil dəstənin əlamətlərinin olmadığını bildirərək yalnız 178.3.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmasını istəyib.

C.Cavadov söyləyib ki, digər vəkillər də oxşar mövqedən çıxış ediblər: "Təqsirləndirilən şəxslər isə son sözlə çıxış etmələri üçün məhkəmədən vaxt istəyiblər".

Məhkəmənin növbəti iclası dekabrın 23-nə təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında L.Abdullayevin 18 il, E.Qasımovun, R.Hacıyevin, P.Rzayevin və F.Tağıyevin hər birinin 16 il, G.Abdullayevin 14 və T.Qasımovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev, G.Abdullayev və T.Qasımov saxlanılıb.

Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T.Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Həmin şəxslər CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3.1-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi