Yuxarı
    Bağlamaq

    ​Vəkil: "170 min dollarlıq işlə bağlı sorğular vermişəm"

    Səfər İmanov hazırda İstanbulda yaşayır

    Bakı. 3 mart. REPORT.AZ/ "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov müvəkkilim Eynur Kərimovla dörd gün bundan əvvələ qədər əlaqə saxlayırdı".

    Bunu "Report"a açıqlamasında E.Kərimovun yeni vəkili Kamandar Nəsibov deyib.

    Vəkilin sözlərinə görə, E.Kərimovla sabiq Aparat rəhbəri S.İmanov "Skype" vasitəsi ilə danışıb: "Dörd uşaq atası olan Səfər İmanov hazırda İstanbulda yaşayır. O, hüquqlarını müdafiə etdiyim şəxsə bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovaya görə ölkədən qaçıb. Hazırda Eynur Kərimov sabiq Aparat rəhbəri ilə əlaqə yarada bilmir. Ola bilsin ki, onu kimsə təhdid edib. Ona görə müvəkkilimlə yenidən əlaqə saxlamır".

    K.Nəsibov qeyd edib ki, hazırda onun tərəfindən işlə bağlı lazımi işlərə başlanılıb: "Bu işlə bağlı artıq sorğular da vermişəm. Əsas sübutlar olan videogörüntülər və audio danışıqlar əlimizdə var. Onları istintaqa təqdim edəcəyik".

    Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir. Məsələdə Komitə sədri Hicran Hüseynovanın da adı hallandırılır.

    Xatırladaq ki, Komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə, sabiq Aparat rəhbəri Səfər İmanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib: "Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda, rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər İmanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. Qeyd etmək istərdik ki, dövlət komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır".

    Daha əvvəl E.Kərimov vəkili Adəm Məmmədov idi. Tərəflər arasında imzalanmış müqavilə ləğv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi