Vaqif Əsədov: “Xəta törədib cərimə ödəmək şərti ilə təbliğat aparacam”

Vaqif Əsədov: “Xəta törədib cərimə ödəmək şərti ilə təbliğat aparacam” “Nə olsun DYP polkovnikiyəm, gedib cəriməni ödəyəcəm”
Hadisə
8 İyun , 2016 14:19
Vaqif Əsədov: “Xəta törədib cərimə ödəmək şərti ilə təbliğat aparacam”

Bakı. 8 iyun. REPORT.AZ/ Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov özünün yol hərəkəti qaydasını pozması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bölmə rəisi "Report"a bildirib ki, jurnalist məsələni araşdırmadan yazıb: "Mənə zəng eləyib dedi ki, Vaqif müəllim sizdən gözləməzdik, niyə qaydanı pozmusuz? Mən də dedim ki, qaydanı pozmuşamsa gedib cəriməni ödəyəcəm və sübut edəcəm ki, qanun hər kəs üçün qanundur. Kimliyindən asılı olmayaraq qanuna hamı tabe olmalıdır. Nə olsun DYP polkovnikiyəm, gedib cəriməni ödəyəcəm".

V.Əsədov vurğulayıb ki, KİV-də yayılan foto xidmət vaxtı çəkilib və burada qayda pozuntusu yoxdur: "Fotodan gördüyünüz kimi, avtomobilin üzərində sayrışan göy-qırmızı işıqlar yanır. Buna görə də hesab edirəm ki, mən qanunu pozmamışam. Biz həmin ərazidə piyadaların təhlükəsziliyini təmin etmək məqsədi ilə tədbir keçirirdik. Mən bilirəm ki, orada qanunu pozmamışam. Lakin jurnalist sual verib, mən də ona cavab vermişəm ki, əgər qaydanı pozmuşamsa cəriməni gedib ödəyərəm. DYP polkovniki olaraq mənim inzibati məsuliyyətə cəlb edilməyim sensasiya olmamalıdır. Əksinə, bu bir təbliğat vasitəsidir. Çünki son zamanlar qayda pozan sürücülər sosial şəbəkələrdə yazırlar ki, cərimə ödəməyəcəm. Niyə ödəməməlisən? Əgər mən DYP polkovniki olaraq cərimə ödəyirəmsə sən niyə ödəmirsən?"

O, qeyd edib ki, özü DYP-nin polkovniki olsa da, sükan arxasında olarkən sürücüdür: "Yəni, mən də yol hərəkəti qaydalarını poza bilərəm. Bilərəkdən yol hərəkəti qaydasını pozmaq və cərimə ödəmək fikrim var. Lakin bunu təbliğat aparılması üçün etmək istəyirəm. Son zamanlar belə bir fikir formalaşıb ki, guya tanınmış şəxslər cərimə ödəmirlər. Mən kiçik xəta törədib cərimə ödəmək şərti ilə təbliğat aparmaq fikrindəyəm. Qoy, hər kəs bilsin ki, tanınmış şəxslər də cərimə ödəyir və qanun hər kəs üçün eynidir. Mən 4 il bundan əvvəl cərimə ödəməklə sürücülərə mesaj göndərdim. O zaman sürət həddini saatda 20 kilometr aşmaqla qaydanı pozdum və cərimə ödədim. Amma buna bəziləri pis baxdı, guya mən özümü piar edirəm. Bəziləri dedi ki, Vaqif Əsədov gündəmdə qalmaq üçün belə edir, bəziləri dedi ki, polkovnik gərək qaydanı pozmasın. Axı mən polkovnik olsam da, sürücüyəm və yol hərəkəti qaydalarını poza bilərəm. Mən də tələsə bilərəm, sürət həddini aşa bilərəm, xəta törədə bilərəm. İnzibati xətalardan heç kim sığortalanmayıb. Heç kim də deyə bilməz ki, mən qaydaları pozmuram. Bilərəkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıq üzündən yol hərəkəti qaydalarının pozulması inzibati xətadır. İnzibati xəta törədən hər kəs məsuliyyətə cəlb olunmalıdır".

Son xəbərlər

Orphus sistemi