“Uroloji Mərkəz” klinikasının sahibinin evinə basqın edən şəxslərə hökm oxunub

“Uroloji Mərkəz” klinikasının sahibinin evinə basqın edən şəxslərə hökm oxunub Bakı. 23 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəmə iclası başa çatıb.
Hadisə
23 İyul , 2018 12:45
“Uroloji Mərkəz” klinikasının sahibinin evinə basqın edən şəxslərə hökm oxunub
Report
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Anar Əmirov 12 il 6 ay, Natiq Musayev 12 il 6 ay, Bəhruz Hacızadə 11 il 6 ay, Elməddin Musayev 10 il və Firdovsi Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Anar Əmirovun 14 il, Natiq Musayev 14 il, Bəhruz Hacızadənin 13 il 6 ay, Elməddin Musayevin 12 il və Firdovsi Əliyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, F.Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin qeyd edib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

Bundan sonra A.Əmirov işə N.Musayev və onun əmisi oğlu E.Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə onlar Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər.

Bu görüşdə B.Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında E.Musayevə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər.

A.Əmirov hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə uyudublar. Həmin şəxslər maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini bağlayıb onları tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib.

Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar, ümumilikdə, evdən 35 min manatlıq əmlak aparıblar.

Qeyd edək ki, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

Son xəbərlər

Orphus sistemi