​Ukrayna Tacikistandakı konsulunu "Silk Way" təyyarəsinin qəzaya uğradığı Əfqanıstana göndərib

​Ukrayna Tacikistandakı konsulunu "Silk Way" təyyarəsinin qəzaya uğradığı Əfqanıstana göndərib Konsul qəza zamanı zərər çəkən Ukrayna vətəndaşlarına baş çəkəcək
Hadisə
19 May , 2016 22:42
​Ukrayna Tacikistandakı konsulunu Silk Way təyyarəsinin qəzaya uğradığı Əfqanıstana göndərib

Bakı. 19 may. REPORT.AZ/ Ukrayna Azərbaycana məxsus "Silk Way" aviaşirkənin icarəyə götürdüyü "An-12" tipli yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Tacikistandakı konsulunu Əfqanıstana göndərir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsa məlumat verib.

"Biz mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk. Xəstəxanada olan vətəndaşların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda Ukraynanın Tacikistandakı konsulu zərər çəkən Ukrayna vətəndaşlarının konsul müşayiəti ilə təmin olunması üçün Kabilə göndərilir", -deyə Maryana Betsa bildirib.

Məlumata görə, təyyarədə 3 Ukrayna vətəndaşı da olub, onlardan biri ölüb, digərləri yaralanıb.

Ötən gün Əfqanıstanın Dvayer hava limanında yerli vaxtla təxminən saat 14:30-da "An-12" təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş verib.

Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkəti tərəfindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.

Əldə olan məlumata görə, hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb. Hazırda komissiyanın sədri - Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimov və komissiya üzvləri hadisənin araşdırılmasında iştirak etmək üçün Dvayer hava limanına yola düşüblər.

“Silk Way” aviaşirkəti təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Son xəbərlər

Orphus sistemi