Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində və qaçaqmalçılıqda təqsirləndirilən Səyalə Nağıyeva və Nisə Babayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası mayın 1-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən S.Nağıyeva ilə N.Babayeva bu ilin yanvar ayında psixotrop maddəni şəxsi istehlak məqsədilə Türkiyədən Azərbaycana keçirərkən saxlanılıblar.
Həmin şəxslər Cinayət Məcəlləinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar.