Türkiyə vətəndaşının məhkəməsində zərərçəkənlər ifadə veriblər

Türkiyə vətəndaşının məhkəməsində zərərçəkənlər ifadə veriblər Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hadisə
19 İyun , 2019 12:15
Türkiyə vətəndaşının məhkəməsində zərərçəkənlər ifadə veriblər

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə veriblər.

Hikmət Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.

İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək bir mənzili ayrı-ayrı şəxslərə təkrar sataraq onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Prosesdə ifadə verən zərərçəkmiş Akif Mirzəliyev aldığı mənzilin başqa şəxsə də satıldığını öyrəndikdən sonra Hikmət Yiğitdöl barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyini desə də, hazırda problem həll edildiyi üçün şikayət və tələbinin olmadığını bildirib.

Zərərçəkmiş Eyvaz Mustafayev də oxşar ifadə verib. O bildirib ki, binada şərait yoxdur, qaz, su, işıq problemi var. Zərərçəkən deyib ki, bina Hikmətə qayıtsa, problemlər həll edilə bilər.

Zərərçəkən Rasim İbrahimov deyib ki, 5 mənzillə bağlı müqavilə bağlasa da, 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, tikinti başa çatmayıb: "Biz razılaşdıq ki, binanın tikintisi üçün bunlara kömək edək, qarşılığında da binadan əlavə mənzil götürüləcəkdi. Bir müddət keçəndən sonra mənzilimizin başqa şəxsə satıldığını, apardığımız tikintinin söküldüyünü eşitdim. Buna görə də bizə ziyan dəydi. İndi tələbimiz budur ki, problem həll edilsin".

Hikmət Yiğitdöl söyləyib ki, mənzillər bilərəkdən iki nəfərə satılmayıb. O, hər kəsin zərərinin qəpiyinə kimi qaytarıldığını deyib.

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, Hikmət Yiğitdöl Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi