TQDK-nın testindən kənar universitetə tələbə qəbul etmək adı ilə pul alan şəxsə hökm oxunub

TQDK-nın testindən kənar universitetə tələbə qəbul etmək adı ilə pul alan şəxsə hökm oxunub O, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
26 Aprel , 2016 15:07
TQDK-nın testindən kənar universitetə tələbə qəbul etmək adı ilə pul alan şəxsə hökm oxunub

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Məmmədova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Məmmədova Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə təqsirli bilinib. O, 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadaraq, ondan 23 min manat pul almaqda ittiham edilib.

N.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub.

Daha əvvəl eyni iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Məmmədovaya Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 8 il 6 ay müddətinə cəza alan N.Məmmədovanın cəzası şərti hesab olunub və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsində dövlət ittihamçısının protesti təmin edilib və hökmdən Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi xaric edilib. N.Məmmədova məhkəmə zalındaca həbs edilib. Onun işinə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Son xəbərlər

Orphus sistemi