"Texnikabank"ın sabiq rəhbəri MTN əməkdaşlarının məhkəməsində ifadə verəcək

"Texnikabank"ın sabiq rəhbəri MTN əməkdaşlarının məhkəməsində ifadə verəcək Proses martın 16-da davam etdiriləcək
Hadisə
2 Mart , 2017 17:22
Texnikabankın sabiq rəhbəri MTN əməkdaşlarının məhkəməsində ifadə verəcək

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində tanınan "Texnikabank" ASC-nin İdarə Heyətinin sədri Etibar Əliyevin Azərbaycanda olmadığı, bazar günü Türkiyədən gələcəyi açıqlanıb.

Sonra zərərçəkmiş iş adamı Elşən Mədətovun epizodu üzrə dinləmələr olub.

Şahid qismində Kələş Qafarov ifadə verib. O, kürəkəni E.Mədətovla tez-tez görüşüb, söhbət etdiklərini deyib: Şahid bildirib ki, E.Mədətovu MTN-də narahat edib, pul tələb ediblər: "Həmin vaxt bu işlərdə ona maddi köməklik etməyimi istədi. Ümumilikdə ona 15 min dollar verdim. “Texnikabank”da kürəkənim Elşən Mədətovun pulunun batmasını sonradan bilmişəm. Digər kürəkənim Mehrac Qurbanovu da eyni vəziyyətə salıblar”.

Daha sonra V.Ələkbərovun vəkili Ülvi Məmmədov vəsatətlə çıxış edib. O, 613 saylı cinayət işinin araşdıran müstəntiqlərin məhkəmədə dindirilməsini istəyib. Hakim vəsatəti təmin etməyib.

Proses martın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

Son xəbərlər

Orphus sistemi